Shefiqe Eyvezova
Shefiqe Eyvezova
Genres: azeri, folk, azerbaijan, kamancha, Kamancha Player
Similar artists via Last.fm
About Shefiqe Eyvezova
Azerbaijan Şəfiqə Eyvazova Bakıda dünyaya göz açıb, boya-başa çatmışdır. A. Zeynallı adına musiqi məktəbini bitirmiş, indiki Musiqi Akademiyasında təhsil almışdır. İstedadlı sənətçi bütün muğamlarımızın kamançada mahir ifaçısıdır. Rast, Rahab, Çahargah, Şüştər, Bayatı-Şiraz və s. muğamlarla yanaşı onun ən çox sevdiyi Şur muğamıdır. Şur muğamında həm həzinlik, həm çılğınlıq, həm də qəmin, kədərin təlatümünü əks etdirən yönlər var. Şəfiqə xanım xalq ruhunun ifadəçisidir. Musiqiçinin gücü onun insan ruhuna təsir etməsindədir. O, çalarkən yarıyuxulu kimi gözlərini düz kamançaya zilləyir, çaldıqca insan ürəyini yandırıb yaxır. Sənətkar o zaman öz hiss və həyacanlarını musiqinin ecazkar səsinə çevirir ki, o, bu musiqinin bütün incəliklərini bütün varlığı ilə duyur, hiss edir. Ümumiyyətlə, musiqi insanı ülviliyə, saflığa səsləyir. Şəfiqə xanımın ifasındakı bütün muğamların hər biri haqqında ayrıca danışmağa və onları təhlil etməyə lüzum yoxdur. Ancaq mən özüm də çalğısından aldığım zövqdən və ifaçının ustalığından, orijinal cəhətlərindən danışmağı özümə borc bilirəm. İnsanı düşüncələr dünyasına aparan bu səs, bu könül yanğısı hər cür tərifə layiqdir. Onun kamançasından qopan nalə təsirlidir, daşürəklini belə muma döndərir. Onu dinləyən kəs keçmişlə bağlı duyğularına, düşüncələrinə dalır, musiqinin təsirindən uzun müddət ayrıla bilmir. Şəfiqə xanımı dinləyərkən onun kamançasının səsində hisslərin, duyğuların sehirli nöqtələrini, onun ən incə anlarını daxilən yaşamış olursan. Axı muğam ani hisslərin ifadəsi deyil, o elə düşüncələr aləmidir ki, hisslərlə düşüncələrin əvəz edilməz vəhdətini yaradır. Şəfiqə xanım kamançanı dilə gətirərkən barmaqlarının möcüzəsi ilə insan ürəyində sanki tufan qoparır, dinləyici bir xatirə burulğanından digərinə düşür. Çalğısında rəngarəng çalalar, axarlar, təbiiliyi ilə adamı riqqətə gətirir. O, təvazökardır, özünə tələbkardır, həmişə öyrənməyə çalışır. Dünya musiqiçilərinin həyatı və yaradıcılığı ilə tanış olmaq üçün çox mütaliə edir, biliklərini tələbələri ilə bölüşür. O, dünyanın bir çox ölkələrində səfərlərdə olmuşdur. Birləşmiş Ərəb Əmirliklərində, ABŞ-da, Almaniyada, Avstriyada, Hollandiyada və s. ölkələrdə tamaşaçı alqışlarını çox eşitmişdir. Bu səfərlər içərisində Şəfiqə xanımın yaddaşında daha çox qalanı Almaniya səfəridir: "1972-ci ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun rəhbərliyi ilə (Lütfiyar İmanov, Həbib Bayramov, Nəzakət Məmmədova) Bonn şəhərində bəstəkar Bethovenin anadan olduğu evdə olduq. Alçaq damı olan bu evdə ilahi, o boyda nəhəng bəstəkar dünyaya gəlmişdir. Fikrət müəllim bəstəkarın pianosunda özünün "Aşıqsayağı" pyesini çaldı. Onun barmaqlarının hərəkəti indi də gözümün önündədir. Sonra Bethovenin büstünü Fikrət müəllimə bağışladılar". Şəfiqə xanım 1980-cı ildə tanınmış kamançaçı Arif Əsədullayev ilə ailə həyatı qurmuşdur. Arif müəllim ciddi görkəmli, mülayim xarakterə malik olan bir insan və ailə başçısıdır. Hazırda Azərbaycan Dövlət Musiqi Akademiyasının musiqi tarixi nəzəriyyəsi kafedrasının dosentidir. Eyni zamanda Azərbaycan Milli Konservatoriyasında da bir müəllim kimi fəaliyyət göstərir, O, muğamları nota salmaqla məşğuldur. "Humayun", "Bayatı Şiraz", "Past" "Çahargah" muğamlarını artıq nota köçürmüşdür. Şəfiqə xanım iki övlad anasıdır. Qızlarından Nəsrin Azərbaycan Neft Akademiyasının axırıncı kurs tələbəsidir. Böyük qızı Mehri isə musiqiçidir. Respublikanın xalq artisti kamançaçı Şəfiqə xanım yaradıcılığının qaynar çağlarını yaşayır. Bir kamançaçı kimi yetişməsində rolu olan insanlara ehtiramını bildirir, görkəmli musiqiçi Əhsən Dadaşovu xüsusi minnətdarlıqla xatırlayır.
Taken from Last.fm
3 listeners · 9 plays via Last.fm